Tərtərdə Birinci Qarabağ şəhidi anılıb
Aprelin 12-də Tərtər rayonunda Birinci Qarabağ müharbəsi şəhidi Vüqar Məmmədovun anım tədbiri keçirilib. Tədbir şəhidin adını daşıyan rayonun Səhləbad kənd tam orta məktəbində baş tutub.
ATİAHİ Tərtər rayon komitəsinin və üzv təşkilatlarının nümayəndələrinin də qatıldığı mərasimdə şəhidin döyüş yoldaşları, müharibə veteranları, Vətən müharibəsi qaziləri, şəhid valideyinləri, Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun Şəhid Ailələri və Müharibə Veteranları Cəmiyyətinin rəhbərliyi, Rayon Polis Şöbəsinin əməkdaşları, kənd sakinləri və məktəbin kollektivi iştirak edib.
İştirakçılar öncə, kənddə ucaldılmış şəhidlər abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb ehtiramlarını ifadə ediblər.
Sonra tədbir məktəbdə davam edib. Çıxış edənlər şəhidin polis işlədiyi dövrdə nümunəvi fəaliyyətindən, Vətənə olan sevgisindən, erməni işğalçılarına qarşı döyüş rəşadətindən, bu yolda şirin canından keçməsindən bəhs ediblər. Bildirilib ki, məhz Vüqar kimi qəhrəman oğullarımızın Birinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıq II Qarabağ müharibəsinin iştirakçılarını döyüşə ruhlandırırdı. Bu ruh yüksəkliyi ilə onlar düşməni cəmi 44 günə diz çökdürdülər. İşğalçı ordunu məhv etdilər. Vurğulanıb ki, bütün şəhidlərimizin ruhu şaddır. Çünki işğal altında olan torpaqlarımız azad edildi və onların qisası artıqlaması ilə döyüş meydanında alındı.
Şəhidin anası Səmaya xanım oğlu ilə bağlı xatirələrini bölüşüb və onunla fəxr etdiyini diqqətə çatdırıb. Bildirib ki, bütün şəhid ailələri dövlətimizin diqqət və qayğısı altındadır, buna görə, o, ölkə rəhbərliyinə minnətdarlıq edib. Sonda məktəbin bir qrup kollektivi kənd qəbiristanına gedərək Vüqarın məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
566ed4d9-06a8-43cb-ade3-b503176eb700.jpg 87.17 KB

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo